Azərbaycandan İrana qanunsuz keçmək istəyən Banqladeş vətəndaşları tutuldu
Azərbaycandan qaçaq yolla İrana keçmək istəyən Banqladeş vətəndaşları tutulub.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, yanvarın 10-da Füzuli rayonunun Əhmədalılar kəndi ərazisindəki zastavanın xidməti sahəsində Azərbaycandan İrana keçməyə cəhd göstərərkən Banqladeş Xalq Respublikasının 3 vətəndaşı - Kansar Mohammad, Motabbar Mahin və Sarkan Anasdır saxlanılıb. Saxlanılmış şəxslərin dövlət sərhədini pozmaqla İrana, oradan isə qaçaq yolla Türkiyəyə keçmək niyyətində olmaları müəyyən edilib.
Bundan başqa, yanvarın 7-də həyata keçirilmiş tədbirlər nəticəsində Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Biləsuvar rayon sakinləri Fuad Abbasqulu oğlu Cəfərov və Samir Ataş oğlu Rəhimov 1000 qutu “MM” markalı və 470 qutu “Continental” markalı siqaretləri dövlət sərhədindən keçirməyə cəhd göstərərkən saxlanılıblar.
Yanvarın 9-da isə həmin sərhəd zastavasının xidməti sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakinləri Rövşən Tofiq oğlu Əliyev, Elşad Rafiq oğlu İbişov və Musa Azad oğlu Qasımzadə narkotik vasitə olan 3,9 kq həşiş qətranı və 3,7 kq marixuana ilə saxlanılıblar.
Hər üç fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.