Cavid Qurbanov: "Azərbaycan beynəlxalq nəqliyyat bazarına yeni marşrut təklif edir"

Hazırda Azərbaycanla İran arasında dəmir yolu xətti mövcud olmadığı üçün yüklərin bir qismi sərhəd-gömrük məntəqəsindən yük avtomobilləri ilə keçir.

 

APA TV-nin xəbərinə görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi: yeni istiqamətlər, inkişaf və perspektivlər" adlı beynəlxalq forumda çıxışı zamanı bildirib.

 

Onun  sözlərinə görə, 2014-cü ildə İranla Azərbaycan arasında 50 min ədəd yük maşını hərəkət edib, həmin maşınların 50%-i Rusiyaya ünvanlanıb: "İran körfəzi-Qara dəniz tranzit dəhlizi ilə bağlı Qəzvin-Rəşt-Astara İran-Azərbaycan dəmir yolunun birləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Bu layihənin tezliklə başa çatdırılması "Şimal-Cənub" tranzit dəhlizinin inkişafına təkan verəcək. Bu gün Azərbaycan tərəfi olaraq dostlarımızın və həmkarlarımızın dəstəyi ilə nəqliyyat bazarına yeni logistik məhsul olan Cənub-Qərb - İran körfəzi - Qara dəniz nəqliyyat marşrutunu təklif edirik. Bizim ekspertlərdən ibarət olan qrupumuz bu marşrut üzrə perspektiv və inkişaf yollarını araşdırıb və yüklərin daşınması üçün tariflər hazırlayıb”.

 

C.Qurbanov əlavə edib ki, bu tranzit dəhlizi tranzit daşımalarını Hind okeanı və İran körfəzində yerləşən limanlardan Bəndər-Xomeyni və Bəndər-Abbas limanlarına, oradan isə dəmir yolu xətti ilə İran, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Qara dəniz hövzəsində yerləşən limanlara və əks istiqamətdə iqtisadi baxımdan daha əlverişli şəraitə çatdırılmasını təmin edəcək.

 

"İran Dəmir Yolları" şirkətinin Direktorlar Şurasının sədri Möhsün Purseyid Ağayi isə bildirib ki, Qəzvin-Rəşt-Astara dəmir yolu xəttində işlərin 80%-i başa çatıb: "Biz ümid edirik ki, 2018-ci ilin sonuna kimi Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisi başa çatacaq. İlkin mərhələdə 5 milyon ton, daha sonra isə il ərzində bu marşrut ilə 10 milyon ton yükün Gürcüstana, oradan isə Qara dəniz vasitəsi ilə Ukraynaya daşınması nəzərdə tutulub".

 

Qeyd edək ki, tədbirdə İranın nəqliyyat və şəhərsalma nazirinin müavini Mohəmməd Seyidnejat, Ukraynanın infrastruktur nazirinin müavini Nikolay Snitko, "Ukrayna Dəmir Yolları" SC-nin İdarə Heyətinin sədr əvəzi Aleksandr Zavqorodnıy da iştirak edirlər.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova