Prezident İlham Əliyev Əlcəzairin yeni səfirini qəbul edib
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lahssan Boufaresin etimadnaməsini qəbul edib.
APA TV-nin xəbərinə görə, prezident Azərbaycanla Əlcəzair arasında əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayıb. Dövlət başçısı bu əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
Azərbaycan prezidenti qarşılıqlı səfərlərin və biznes nümayəndələrinin birgə əməkdaşlığının ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacağını qeyd edib. Dövlət başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda, o cümlədən BMT çərçivəsində əməkdaşlığının önəmini vurğulayıb. Hər iki ölkənin İslam Əməkdaşlıq Təşkilatında uğurla əməkdaşlıq etdiyini bildirən prezident İlham Əliyev Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsi və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səylər göstərdiyini deyib.
Dövlət başçısı həmçinin ölkələrimizin təhlükəsizlik və terrorizmə qarşı mübarizə sahələrində də əməkdaşlığının önəmini qeyd edib. Prezident İlham Əliyev səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
Səfir Lahssan Boufares Əlcəzairdə səfirliyin açılması ilə bağlı Azərbaycanın qəbul etdiyi qərarın ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini deyib. Azərbaycanla Əlcəzair arasında əməkdaşlığın səviyyəsinin razılıq doğurduğunu deyən səfir bu əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.