Azərbaycan prezidenti Monqolustanın yeni səfirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Monqolustanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Badamdorj Batxişiqin etimadnaməsini qəbul edib.
APA TV-nin məlumatına görə, səfir Badamdorj Batxişiq fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Azərbaycanın Monqolustanla əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməyə maraq göstərdiyini deyən prezident İlham Əliyev bunun üçün yaxşı potensialın olduğunu bildirib. Azərbaycanla Monqolustanın biznes strukturları arasında əməkdaşlığın o qədər də fəal olmadığını deyən prezident İlham Əliyev ölkələrimizin bir-birini daha yaxından tanımalarının, investisiya və biznes imkanlarının düzgün istiqamətləndirilməsinin əhəmiyyətini qeyd edib.
Dövlət başçısı Badamdorj Batxişiqin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə etdi və səfirə fəaliyyətində uğurlar arzulayıb.
Səfir Badamdorj Batxişiq isə ölkəsinin müxtəlif sahələrdə əldə etdiyi iqtisadi uğurlardan danışıb. O, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.