Şəmkirdə bir gecədə iki yanğın: 15 ton ot və ev quşları tələf oldu
Şəmkirdə bir gecədə iki yanğın hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb.
İlk yanğın kənd sakini Müşfiq Mehtiyevə məxsus tövlədə olub. Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası hadisə yerinə gələrək alovu söndürməyə cəhd edib. Buna baxmayaraq, tövlənin 120 kv. metrlik tavan hissəsi və orada saxlanılan 10 ton ot bağlaması yanıb. Tövlədə olan ev quşlarından da xeyli hissəsi tələf olub.
Başqa bir yanğın hadisəsi isə kənd sakini Aidə Zeynalovaya məxsus həyətyanı sahədə baş verib. Yanğın zamanı fərdi təsərrüfatda olan 10 ton ot bağlamasından 5 tonu yanıb. Bir-birinin ardınca baş verən iki yanğın Qaracəmirli kəndinin sakinlərini yenidən təşvişə salıb. Onlar yanğının qəsdən törədildiyini bildirirlər.
Qeyd edək ki, ötən ilin avqust-sentyabr aylarında Şəmkirin Qaracəmirli kəndində bir-birinin ardınca 11 yanğın hadisəsi qeydə alınmışdı. Həmin vaxt həyətyanı sahələrdə ot bağlamaları ilə yanaşı, körpələr evi-uşaq bağçası və kənd xəstəxanası da yanmışdı.