Krasnoyarsk məhkəməsi qadınlarla saxta nikaha girən 20 azərbaycanlı barədə hökm çıxarıb

Rusiyada miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi bu ölkəyə işləməyə gedən azərbaycanlılar üçün kifayət qədər problemlər yaradıb. Problemlərdən biri regionlar üzrə əmək mühacirləri üçün müəyyənləşmiş kvotanın az olmasıdır. Bu səbəbdən əksər miqrantlar konkret regionda işləmək və yaşamaq üçün lisenziya ala bilmir, ya məcburən o bölgəni tərk edir, yaxud da Vətənə deportasiya olunur. Krasnoyarskda məskunlaşan soydaşlarımız isə bu problemin də həll yolunu tapıblar. Yerli vətəndaşlarla saxta nikaha girən əmək mühacirləri avtomatik olaraq bu şəhərdə yaşamaq hüququ əldə edirlər. Azərbaycanlıların bu kəşfi Mərkəzi Asiya regionundan gələn mühacirlərin də deyəsən xoşuna gəlib. Onlar da bu asan üsuldan yararlanmaqla qanundan yan ötürlər.

 

Federal Miqrasiya Xidməti isə artıq belə hallara qarşı mübarizəyə başlayıb. Bu il Krasnoyarsk məhkəməsi Miqrasiya Xidmətinin müraciəti əsasında 20 Azərbaycan və Özbəkistan vətəndaşının saxta nikah müqaviləsini ləğv edib. Ötən il isə 8 belə saxta nikah ləğv olunub. Məhkəmədə məlum olur ki, bu cür nikah müqavilələri bağlayan azərbaycanlılar dırnaqarası “ailə qurduqları” qadınların üzünü bir dəfə belə görməyiblər. Saxta nikah müqavilələrinə görə qadınlara pul ödənilir, qiymətlər isə 2 min rubldan başlayır.

 

Müəllif | Apa.Tv