Azərbaycanın qızıl məmulatları bazarında qiymətlər necədir? - REPORTAJ

"Oğlum nişanlıdır. Onun üçün qızıl almağa çıxmışam. Həmişə də bu ticarət mərkəzindən almışam. Digər oğlum və nəvələrim üçün. İnanın, indiki qiymətləri görəndə təəccübləndim. Qiymətlər çox bahalaşıb. O biri oğlumu evləndirəndə brilyant komplekt almışdım. Amma indi əlimdəki pul qızıl komplektə güclə çatdı. Yaxşı olar ki, ucuz olsun, hamı da rahat ala bilsin"

 

Bəli, söhbət qızıl və zinət əşyalarının bahalaşmasından gedir. Dekabrın 21-dən etibarən manatın üzən məzənnəyə keçməsi və dolların bahalaşması qızıl bazarına da təsirsiz ötüşməyib. Qızıl-zinət əşyalarının qiyməti xeyli bahalaşıb. Qızıl satışı  mağazalarında apardığımız araşdırmamız bunu deməyə əsas verir.

 

Paytaxtın keçmiş "Moskva" univermağında apardığımız sorğu-sualdan aydın olur ki, qızıla olan tələbat devalvasiyadan öncəyə nisbətən xeyli azalıb. Bu da qiymətlərin bahalaşmasından irəli gəlir. Piştaxtalarda şüşə altında bərq vuran brilyant məmulatlarının qiymətində xeyli artımın şahidi oluruq. Bunu satıcılar da təsdiqləyir.

 

"Dollar bahalaşdıqdan sonra qiymətlər əhəmiyyətli dərəcə qalxıb. Bu bizdən asılı məsələ deyil. Qızıl xaricdən gətirildiyi üçün malın dəyəri dollarla ödənilir. Bizdə müştərilərimizə bunu manata çevirib satanda təbii ki, qiymət bahalığından şikayətlənirlər. Bu səbəbdən bugünkü qiymətlər alıcı durğunluğu yaşadır. Amma dolların məzənnəsi baha olsa da, dəyişməz qalanda, təbii ki, biz də qiymətlərdə endirim edə bilirik. Yəni cüzi də olsa ucuzlaşma olur. Buna baxmayaraq müştərilərin gözü o qədər qorxub ki artıq qızıl almağa gəlmirlər. Mağazaya baxanda da görünür. Bütün piştaxtaların qarşısı boşdur. Alıcılıq qabiliyyəti sıfıra bərabərdir. Məndə sırf brilyant satışı olduğu üçün deyə bilərəm ki, əvvəllər hansısı brilyant dəstinin qiyməti 1500-2000 manat civarında satılırdısa, bu  gün qiymət 2800-3000 manat arasında dəyişir".

 

Mərkəzi Univermaqda da qızıl satıcıları da vəziyyətin ürəkaçan olmadığını deyir. Hamı alıcıların sayının xeyli azaldığından, alverin olmamasından şikayətlənir.

 

"Alıcı azalıb. Alış-veriş isə zəifləyib. Bir-iki ay əvvəllə müqayisədə indi qızılın qramında ciddi artım var. Əgər bir ay bundan əvvələ kimi 585 əyarlı qızılın qramı  35-37 və yaxud 40 manata satılırdısa, indi 585 əyyarlı qızılın qramı 55-60 manat arasında dəyişir. 750 əyyarlı qızılın qiyməti bir ay-ay yarım bundan öncəyə kimi qramı 55-60 manata satılırdısa, indi qiymət 70-80 manat arasında dəyişir".

 

Satıcıların sözlərinə görə, MUM-da daha çox Dubay, Türkiyə və Honq-Konqdan gətirilən qızıllar satılır. Satışda yerli mal azdır, səbəb isə yerli mala tələbatın olmamasıdır. Əhali daha çox 750 əyarlıq İtaliya qızılına üstünlük verir.

 

Qiymətli daşlara gəlincə, satıcılar bildirirlər ki, daha çox brilyant qaşlı zinət əşyaları alınır. Brilyantlar isə Rusiya, Cənubi Afrika, Hindistan, Fransa, Kanada, İsraildən gətirilir. Mərkəzi Univermaqda  daha çox Rusiya istehsalı olan brilyantlar satılsa da, "Moskva" univermağının alıcıları əsasən Belçika istehsalı olan brilyantlara üstünlük verirlər. Mağazada  600-700 manata da brilyant üzük tapıldığını deyən satıcılar bildirirlər ki, 4-5 min manata olan üzüklər də var. Bunlar əsasən, brend mallardır.

 

"Moskva" univermağında da eyni vəziyyət hökm sürür. Lakin müqayisə etdikdə, Mərkəzi Univermaqdan fərqli olaraq, burada daha çox alıcıya rast gəlirik. Söhbət etdiyimiz satıcılar isə alıcı qıtlığından şikayət edirdilər. Onların sözlərinə görə, alıcıların sayı bir ildən artıqdır azalıb.

 

İqtisadçı ekspert Samir Əliyev deyir ki, devalvasiyadan sonra qızılın qiymətinin artması, əslində, gözlənilən idi:

 

"Qızıl ölkəmizə idxal olunan məhsuldur, yerli deyil, ona görə də qiymətlərin iki dəfə artacağı məlum idi. Amma inanmıram ki, bu, uzun müddət davam edər. Çünki manatın dəyərini itirdiyi və qiymətlərin qalxdığı bir vaxtda qızıl bazarında alıcılıq qabiliyyəti azalacaq. İndi insan öncə fiziki tələbatlarını ödəmək üçün lazım olanları alır, yalnız kiminsə artıq pulu olarsa, o, qızıl alır. Əks halda, bu dəqiqə kimsə qızıl hayında deyil".

 

Samir Əliyevin sözlərinə görə, əgər əvvəllər insanlar qızıla pul yatırmaqdan çəkinmirdilərsə, bu gün bunu ehtiyatla edirlər. Hazırda yalnız toy edən insanların qızıl almaq məcburiyyəti var. Qızıl sata bilməyən satıcılar isə icarə haqqını ödəmək kimi problemlərlə üzləşir. Odur ki, həm satıcı, həm də alıcıların istəklərini nəzərə alaraq, bu sahədə də müəyyən güzəştlərin tətbiqi arzuolunandır.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı