“Avropa” hotelində bank müdirini öldürənlərə ağır cəza

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Avropa” hotelində qətl hadisəsi törətməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Sənan Quliyev ömürlük, Mövlüd Səfərov isə 20 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, ötən il aprelin 21-də hotelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən bir bıçaq xəsarəti, 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A.Məmmədov aldığı bıçaq xəsarətindən hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib və həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev və onun dostu Mövlud Səfərov tutulub.

 

S.Quliyev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 221-ci (xuliqanlıq), M.Səfərov isə 221-ci maddə üzrə təqsirləndirilir.

 

Onu da qeyd edək ki, öldürülən A.Məmmədov “Zaminbank”ın Nəsimi filialının müdiri vəzifəsində işləyib.

Müəllif | Apa.Tv
Apa.tv