Bakıda daha bir küçə təmir olunur
“Azəryolservis” ASC tərəfindən Nizami rayonundakı Naxçıvanski küçəsi təmir edilir.
ASC-dən APA TV-yə verilən xəbərə görə, artıq sözügedən küçənin bir istiqaməti üzrə, yəni Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru olan 850 metrlik hissəsi texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə təmir edilib, əraziyə yeni asfalt-beton örtüyü döşənib.
Ümumilikdə təqribən 8500 kvadrat metr sahənin asfaltlanması işləri aparılıb. Ortalama eni 9 metr olan küçəyə 1560 paqon-metr yeni səki daşları düzülüb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 34 ədəd yeni baxış qapağı qoyulub və zəruri olan yerlərdə yağış barmaqlıqları yenilənib.
Analoji işlərin Naxçıvanski küçəsinin əks istiqaməti üzrə, daha dəqiqi Bəkir Çobanzadə küçəsindən Qara Qarayev prospektinə doğru olan hissəsində də aparılmasına start verilir. Bu hissənin də uzunluğu təqribən 850 metr, ortalama eni isə 9 metrdir.
Təmir-tikinti işləri çərçivəsində küçənin 8800 kvadrat metr sahəsinə yüksək keyfiyyətli yeni asfalt-beton örtüyü döşənəcək. Küçə boyu 1640 paqon-metr səki daşı yenilənəcək. Kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları və yağış barmaqlıqları yenilənəcək.
Aparılan işlərlə əlaqədar olaraq yaranmış müvəqqəti narahatlığa görə “Azəryolservis” ASC vətəndaşlardan üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.