Ərdoğan: “Sultanəhməddə partlayışı suriyalı kamikadze törədib”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul şəhərindəki Sultanəhməd Meydanında partlayışı törədənin kimliyini açıqlayıb.

 

APA TV-nin NTV-yə istinadən xəbərinə görə, Türkiyənin müxtəlif ölkələrdəki səfirləri ilə keçirdiyi görüşdə çıxış edən Ərdoğan deyib ki, partlayışı suriyalı kamikadze törədib.

 

O, hadisə nəticəsində 10 nəfərin öldüyünü, 15 nəfərinsə xəsarət aldığını bildirib: “Yaxın saatlarda hadisə ilə bağlı rəsmi açıqlama yayılacaq. Bizim üçün İŞİD, PKK və digər terror təşkilatlarının fərqi yoxdur. Bölgədə fəaliyyət göstərən bütün terror təşkilatlarının hədəfi Türkiyədir”. 

 

Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş isə deyib ki, partlayışda ölənlərin əksəriyyəti əcnəbi turistdir. Onun sözlərinə görə, xəsarət alanların 9-u Almaniya, 1-i Norveç, 1-i isə Peru vətəndaşıdır. Xəsarət alanların 2 nəfərinin vəziyyəti ağırdır. Partlayışın hədəfində əcnəbilərdən ibarət turist qrupu olub.

 

Hökumət sözçüsü hadisəni törədən şəxsin Suriya əsilli və 1988-ci il təvəllüdlü olduğunu vurğulayıb. O, partlayışı törədən terrorçunun cəsədinin qalıqlarının hadisə yerindən tapıldığını deyib.

 

Qeyd edək ki, bu gün yerli vaxtla saat 10.20-də İstanbuldakı Sultanəhməd meydanında terror aktı törədilib.

Müəllif | Apa.Tv
Apa.tv