Bıçaqla hədələyib telefonunu əlindən aldı

Bu il yanvar ayının 10-da paytaxtın Səməd Vurğun küçəsində Bakı şəhər sakini Murad Mirzəzadənin mobil telefonunu əlindən alan şəxs həbs olunub.

 

APA TV-nin xəbərinə görə, zərərçəkən polisə müraciət edərək bildirib ki, bir nəfər ona yaxınlaşaraq bıçaqla hədələdikdən sonra 1 ədəd mobil telefonunu götürərək hadisə yerindən uzaqlaşıb.

 

Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının isti izlərlə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq cinayəti edən Bakı şəhər sakini Seymur Tahirli saxlanılaraq istintaqa təhvil verilib: "Aldım telefonu, aparıb 125 manata satdım".

 

Faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

Polis əməkdaşları saxlanılan şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. S.Tahirlinin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-yə müraciət edə bilərlər.

 

Müəllif | Apa.Tv