22 kq narkotik və saxta 100 manatlıq əsginaslar ələ keçirildi

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının bu günlərdə həyata keçirdiyi tədbirlər nəticəsində ümumi çəkisi 22 kiloqramdan artıq narkotik vasitə və külli miqdarda saxta pul əskinasları müsadirə edilib.

 

APA TV-nin xəbərinə görə, daxil olmuş əməliyyat məlumatı əsasında yanvarın 10-da Cəlilabad rayonunun Seyidbazar kənd sakini, əvvəllər məhkum olunmuş Hacıbala Nərimanov saxlanılıb. Baxış zamanı ondan 20 kiloqram 185 qram tiryək və 2 kiloqram 265 qram marixuana götürülüb.

 

Araşdırmalarla Hacıbala Nərimanovun narkotik vasitəni rayon sakini, əvvəllər məhkum olunmuş Asəf Teymurova verəcəyi müəyyən edilib. Tədbirlərin davamı olaraq A.Teymurov da tutulub. Ondan isə 492 ədəd saxta 100 manatlıq əsginas götürülüb və həmin əsginasları həmyerlisi Rövşən Abbasovdan alması müəyyən edilib. Görülmüş tədbirlərlə R.Abbasov da saxlanılıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv