Göyçayda 1139 nəfər ilk dəfə səs verəcək

Göyçay rayonunda prezident seçkilərinə hazırlıq işləri görülür. 89 saylı Göyçay-Ağdaş dairə seçki komissiyasının sədri Nizam Məhərrəmov APA TV-yə bildirib ki, rayondakı seçki məntəqələri səsvermə üçün tam hazır vəziyyətə gətirilib. Məntəqələr lazımı texniki avadanlıqlarla təchiz edilib, rabitə və elektrik sistemi qaydaya salınıb.

 

Seçki məntəqələrinə səsvermə kabinələri, seçki qutuları, təbliğat nümunələri, onların asılması üçün lövhələr, dəftərxana ləvazimatı, inventar və texniki avadanlıqlar paylanılıb. Seçki günü öz yaşadığı ərazidə yerləşən seçki məntəqəsində səs verə bilməyən 24 vətəndaşa qeydiyyatdan çıxma vəsiqəsi verilib.

 

Rayonda prezidentliyə namizədlərə təbliğat-təşviqat kampaniyasını bərabər aparmaq üçün şərait yaradılıb. Seçki Məcəlləsinə müvafiq olaraq bütün seçki məntəqələrinin ərazisində təşviqat materiallarının yerləşdirilməsi üçün lövhələr asılıb. Artıq həmin lövhələrdə namizədlərin təşviqat materialları yerləşdirilib. Seçicilərin siyahıları dəqiqləşdirilərək məntəqələrdəki məlumat lövhələrinə yerləşdirilib. Bu seçkilərdə 34 məntəqə üzrə 37 min 866 nəfər səs verən vətəndaş qeydiyyata alınıb, 1139 nəfərin ilk dəfə səs verəcəyi müəyyən edilib.

 

Bundan əlavə, hazırda siyasi partiyaların nümayəndələri və vətəndaşlar müşahidəçi olmaq üçün dairə seçki komissiyasına müraciət edirlər. Bu günədək siyasi partiyaları təmsil edənlərdən 103 nəfərə və sadə vətəndaşlardan 40 nəfərə müşahidəçi vəsiqələri verilib. Partiyaların müraciətinə əsasən 39 nəfər məşvərətçi komissiya üzvi təyin edilib. Həmçinin, 89 saylı Göyçay DSK-nın binasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvlərinin maarifləndirilməsi məqsədilə 3 gündür ki, təşkil edilən treninqlər başa çatıb. Treninqlərdə ümumilikdə 204 nəfər iştirak edib.

        

Müəllif | Apa.Tv
Elvin Yaqubov