Azərbaycanda yağan aramsız yağışlar pambıq yığımını gecikdirib

Aramsız yağışlar respublikada pambıq yığımını gecikdirib. Hər il respublikada avqustun 3-cü ongünlüyündə pambıq yığımı başladığı halda, bu il hava şəraiti yığımının 1 ay gecikməsinə səbəb olub. Nəticədə məhsuldarlıq da, keyfiyyət də aşağı düşüb. Fermerlər APA TV-yə bildiriblər ki, bu il məhsul keçən illə müqayisədə bol olsa da, yağışlı hava şəraiti məhsul itkisinə və yığımda gecikməyə səbəb olub. Hazırda tarlalar palçıq olduğundan yığımda müvəqqəti fasilə yaranıb.

 

Saatlıda keçən il 4503 hektar sahəyə pambıq əkilsə də, bu il 4200 hektar sahəyə pambıq əkilib. Rayon ərazisində 5 növ pambıq əkilir.

 

Bu il pambığın daha az əkilməsinə gəlincə, fermerlər bunu alış qiymətinin aşağı olması ilə izah edirlər. Hazırda emal zavodları pambığı fermerlərdən 42 qəpiyə alır.

 

Fermerlər pambığı emal zavodları ilə müqavilə əsasında əkirlər. Bu zaman emal zavodları əkinin bütün xərclərini qabaqcadan ödəyir. Bura gübrə, yanacaq, şum və sair xərclər aiddir.

 

İqtisadçılar bildirirlər ki, respublikada  pambıq istehsalını və əkinini  rentabelli etmək üçün ölkədə keyfiyyətli məhsul istehsal edən müasir texnalogiyaya malik emal müəssisələrinin açılması lazımdır. Bu, həm satınalma qiymətinin qaldırılmasına kömək edər, həm də pambığın xaricə xammal kimi ucuz qiymətə satılmasının qarşısını alar. 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı