Göyçayda üçqulaqlı buzov doğulub
Göyçay rayonundakı fərdi mal-qara təsərrüfatlarının birində qeyri-adi hadisə baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Yekəxana kənd sakini Cavanşir Hüseynovun fərdi təsərrüfatında yeni doğulan üçqulaqlı buzov hamının marağına səbəb olub.
Cavanşir Hüseynovun sözlərinə görə, 40 ilə yaxındır ki, heyvandarlıqla məşğul olsa da belə bir maraqlı hadisəyə ilk dəfə rast gəlir.
O, səhər saatlarında tövləyə daxil olarkən inəyin yanında yeni doğulan balasını görərək sevinib. Amma buzovun üç qulağının olması ev sahibində maraq doğurub. O, bununla bağlı baytar həkimə müraciət edib. Həkimin sözlərinə görə, heyvandarlıq təsərrüfatlarında hər 1000 heyvandan birində bu cür anormal hala rast gəlmək mümkündür.
Qeyd edək ki, buzov fiziki cəhətdən qüsurlu olsa da, onun qidalanmasında heç bir problem yoxdur.