Samux sakini atasının qoyunlarını oğurladı

Samuxda xırda buynuzlu heyvan oğurlayan şəxslər saxlanılıb. APA TV-nin qərb bürosunun xəbərinə görə, Samux polisinə rayon ərazisində xeyli sayda qoyunun oğurlanması barədə məlumat daxil olub.

 

Əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları 32 yaşlı rayon sakini Zamin Alışanovun 28 yaşlı Goranboy sakini Mehman Quliyevlə birgə atasına məxsus qoyunları oğurladığını müəyyən ediblər. Hər iki şəxs saxlanılıb. Zamin Alışanov oğurluğa görə özünü qismən təqsirli bildiyini deyib: "Qoyunlar bizim özümüzünkü olub. Onu Mehman oğurlayıb satıb. Mən də görüb gizlətmişəm. Mənim səhvim oradadır ki, mən vaxtında onun oğurluq etməsi barədə məlumat verməmişəm. Sadəcə, buna görə peşmanam".

 

Mehman Quliyevin ətrafında aparılan araşdırmalar zamanı onun bundan əvvəl Masallı rayonu ərazisində oğurluq etdiyi və cinayət əməli ilə bağlı polis tərəfindən axtarıldığı da məlum olub. Ancaq Quliyev kamera qarşısında bu barədə danışmaq istəməyib. Samuxdakı oğurluğa gəlincə, çoban özünü sudan quru çıxartmağa çalışıb: "Masallıda olan başqa şeydir. Ondan danışmaq istəmirəm. Samuxda isə Zamin deyib, mən etmişəm".

 

Faktla bağlı Samux Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli