Abşeronda 7 mənzili qarət edən dəstə ələ keçdi
Abşeron Rayon Polis İdarəsi və Mehdiabad polis bölməsinin əməliyyatçıları yeddi mənzili qarət etməkdə şübhəli bilinən iki nəfəri saxlayıb.
APA TV-nin xəbərinə görə, Mehdiabad qəsəbə sakini, 29 yaşlı Vüqar Firudin oğlu Rəhimov və 25 yaşlı Kamran Sabir oğlu İbrahimov qəsəbə ərazisində yerləşən bağ evlərini qarət ediblər.
Evlərə pəncərədən daxil olan Vüqar və Kamran televizorları, kombi aparatlarını, istilik sistemlərini, qızıl-zinət və digər əşyaları oğurlayıblar.
İfadələri hadisə yerində yoxlanılan şəxslər evlərə necə daxil olduqlarını və nə oğurladıqlarını göstəriblər. Saxlanılanlar ikinci bağ evinə zirzəminin pəncərəsindən daxil olduqlarını bildiriblər. Kamran İbrahimovun sözlərinə görə, pəncərənin dəmir barmaqlıqlarını Vüqar linglə qoparıb.
Cütlük bu evdən dəmir seyf oğurlayıb. Dediklərinə görə, seyfi qaynaq aparatı ilə kəsib açdıqdan sonra içinin boş olduğunu görüblər.
Bunun ardınca Vüqar və Kamran daha dörd mənzili və bir restoranı qarət ediblər. Əvvəllər də məhkumluq həyatı yaşayan Vüqar Rəhimov kafedən sintezator oğurladıqlarını bildirib: “Planı özüm cızmışam. Kamranla birlikdə eləmişik, dostumla. Sintezator aparmışıq, evdən televizor aparmışıq, kombi, xalça, generator götürmüşük”.
Faktlarla əlaqədar Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin “Oğurluq” maddəsi ilə cinayət işi başlanılıb. Üstü açılan oğurluq faktlarının sayının artacağı istisna olunmur.