Bakıda gənc ailənin evi külə döndü

Bakıda baş verən yanğın gənc ailəni evsiz qoyub. APA TV-nin məlumatına görə, hadisə Xəzər rayonu ərazisində, Binə qəsəbəsində baş verib.

 

25 yaşlı Eyyubov Fariz Ağalar oğluna məxsus evdə başlayan yanğın qısa müddət ərzində bütün evi bürüyüb. Zərərçəkənin sözlərinə görə, əvvəlcə alovu özləri söndürməyə çalışsalar da, buna nail ola bilməyiblər. Daha sonra Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat verilib. Yanğınsöndürmə briqadaları gələnədək evin böyük bir hissəsi yanıb. Yanğınsöndürənlər alovun qarşısını alıblar və yanğının qonşu evlərə keçməsinə imkan verilməyib.

 

Ev sahibi Fariz Eyyubovun sözlərinə görə, yanğın damdan başlayıb: "Sonra xəbərimiz olmadı, aləm qarışdı bir-birinə. Qonşular hamısı töküldü gəldi. Söndürə bilmədik”.

 

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ümumi sahəsi 55 kv. m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 40 kv. m sahədə yanıb. Yanğının səbəbləri araşdırılır. 

Müəllif | Apa.Tv
Apa.tv