Davos İqtisadi Forumunun ekspertləri: Dünyanı miqrasiya böhranı gözləyir

Davosdakı Dünya İqtisadi Forumunun ekspertləri 2016-cı ildə dünyanı miqrasiya böhranı gözlədiyini proqnozlaşdırır. APA TV-nin məlumatına görə, Rusiya və qonşu dövlətlərə gəlincə, regionda defisit, hiperinflyasiya və işsizlik hakim olacaq.


Dünya İqtisadi Forumunun 750 üzvü arasında aparılan sorğu hesabat forumun açılışının nəzərdə tutulduğu 20 yanvar tarixindən bir həftə öncə aparılıb. Sorğu əsasən iqtisadiyyat, ətraf mühit, dünya siyasəti, cəmiyyət və texnologiya sahələrini əhatə edib. Eyni zamanda ölkələrin dünya miqyasında cərəyan edən hadisələrə təsir etmə gücü, ayrı-ayrı kateqoriyadan olan digər risklərlə qarşılıqlı əlaqəsi də nəzərə alınıb.

Ekspertlərin təsvir etdiyi risklərə gəlincə, bu risklərə təbii fəlakətlər və gözlənilməz siyasi və iqtisadi böhranlar daxildir. Davos ekspertləri yaxın il yarımlıq müddətdə gözlənilməz miqrasiya böhranının vüsət alacağı qənaətindədirlər. Bununla yanaşı bəzi ölkələrin hakimiyyət böhranı, eləcə də dövlətlərarası silahlı münaqişələr, işsizliyin artması səbəbindən yaranan böhran, o cümlədən dövlət idarəçiliyindəki çökmə prosesi ilə üz-üzə qalacağı da ehtimal edilir. Bu ehtimalların reallaşma riski 25-27 faiz arasında dəyişir.

Son vaxtlar hökm sürən kəskin miqrasiya böhranı Davosda daha ciddi nəticələri olacaq bir hadisə kimi nəzərdən keçirilir. Əvvəla, 80-ci illərlə müqayisədə mühacirlər mühacirət etdikləri ölkələrdə indi daha uzun müddətdə qalmağı üstün tutur. Belə ki, əgər adı çəkilən dövrdə onlar öz ölkələrini maksimum 9 il müddətinə tərk edirdilərsə, 2000-ci ilin ortalarında bu müddət artaraq 20 ili ötüb. Bunun da əsas səbəblərindən biri kimi münaqişələrin daha uzun müddət davam etməsi faktı göstərilir. Belə ki, son üç il ərzində dünyada davam edən 40 münaqişədən yalnız biri həll olunub, 80 faizdən çoxu isə 10 ildən daha uzun müddət davam edib. İkincisi, miqrasiya mövcud sosial problemləri daha da dərinləşdirir. Çünki, mühacirlərə pənah gətirdikləri ölkələrdə bəzi məhdudiyyətlər tətbiq edilir ki, bu da onları özlərinə münasib güzəran qurmaqdan məhrum edir.

2015-ci ildə Avropaya müşahidə olunan mühacir axını onları qəbul edən ölkələr, xüsusilə də bu ölkələrin maliyyə imkanları, sosial uyğunlaşma siyasəti üçün əməlli-başlı sınaq oldu ki, bu da özünü həm Avropa cəmiyyətləri, həm də elə onların öz daxilindəki siyasi sistemlərdə qütbləşmənin meydana çıxması ilə nəticələndi.

Mövcud hal isə Avropa dövlətlərinin idarəçilik strukturlarının effektivliyi məsələsini gündəmə gətirdi. Davos ekspertləri hesab edir ki, İŞİD qruplaşmasının meydana çıxması hökumətlərin təhlükəsizlik sahəsindəki tələblərə cavab verməməsinin əsas sübutudur. İŞİD-in Suriya və İraqın müəyyən hissəsinə nəzarət etməsinə baxmayaraq, sosial şəbəkələrdəki uğurlu marketinq hesabına qruplaşma öz ətrafına 100-dən çox ölkədən könüllülər cəlb etməyə müvəffəq olub.

Davos ekspertləri hesab edir ki, energetika cəhətdən güclü olan və dünyada ikinci böyük nüvə arsenalına sahib Rusiya geosiyasi sülhyaratma prosesində aktiv iştirakını davam etdirəcək. Analitiklərin qənaətincə, yaxın perspektivdə Rusiya və onun qonşuluğunda yerləşən dövlətləri hökumətlərin öhdəsindən gələ bilməyəcəyi dərəcədə inflyasiya gözləyir. Milli valyutaların dollara nisbətdə dəyərdən düşməsi, dövlət ehtiyatlarının məhdudlaşdırılması, 1990-cı illərdəki hiperinflyasiya təcrübəsi, eləcə də hökumətlərin dərin struktur və büdcə islahatlarını həyata keçirmək iqtidarında olmaması da bu ehtimalları daha da yaxınlaşdırır.

Gözlənilən təhlükələr sırasına ikinci böhran ssenarisi ilə sıx bağlı olan içməli su qıtlığı, iqlimin dəyişməsi yönündəki addımların nəticə verməməsi, dövlətlərin hadisələrin dəyişkən şərtlərinə uyğunlaşa bilməməsi də daxildir. Hər iki böhranın baş verməsi ehtimalı 35 faiz nisbətində dəyərləndirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv