Bakıda obyektlərin icarə haqqı ucuzlaşıb, torpaq sahələrinin qiyməti isə dəyişməyib - REPORTAJ
Manatın dollara nisbətdə ucuzlaşması Azərbaycanda torpaq sahələrinin və obyektlərin qiymətinə də təsirsiz ötüşməyib. Başqa sahələrdə olduğu kimi torpaq alqı-satqısı bazarında da alıcı problemi yaşanır.
Metronun "Neftçilər" stansiyasının yaxınlığında yerləşən "Maklerlər bağı" kimi tanınan ərazidə, boyunlarına ev satışı ilə bağlı elanlar asan satıcılara rast gəlsək də, alıcı yoxdur.
Fazil adlı maklerlə söhbətimiz zamanı bəlli oldu ki, ötən ilin fevralından sonra mənzil bazarında qiymətlər nəzərə çarpacaq dərəcədə enib: "Qiymətlərdə 15-20 min manat enmə var. Məsələn, əvvəl bir otaqlı mənzili 50 min idi, indi olub 40-45 min dollar. Həyət evlərinin də qiymətində son 10-15 gündə qiymətlər enməyə başlayıb. Alıcılıq qabiliyyəti yoxdur. Əgər əvvəlki aylarda 40 min dollara həyət evləri tapmaq olardısa, indi qiymətlər 30-35 min arası dəyişir. 50 min dollara satılan evlər indi olub 40-42 min dollar. Ötən illə müqayisədə alıcılıq qabiliyyəti demək olar ki çox zəifləyib. İndi alan da yoxdur, kirayə mənzil axtaran da. Məsələn, indi yaxınlaşıb kirayə mənzili 100-150 manata istəyirlər. Ev alanlara qiyməti 60 min deyirsən, onlar isə 30-35 mindən çox pulu olmadıqlarını deyirlər. 35 minə 2 otaqlı mənzili kim satar?”
Bazarda alıcı ilə rastlaşmasaq da, həmsöhbətimiz olan satıcı öz evini satışa çıxardığını deyir: "Alıcı yoxdur. Düz üç aydır evimi satmaq məqsədilə bu bazara gəlirəm. Suraxanı rayonunda orta təmirli evdir. Qiyməti 200 min manata. 3 mərtəbəlidir. Evlərin qiyməti düşüb, elə 3 ay öncə də 200 min manata demişəm. Çünki manatla alınır, dollar yoxdur".
"2014-cü il Bakının və eləcə də ölkənin mənzil bazarında öz spesifikliyi ilə yadda qaldı. 2015-ci ilin ilk aylarından başlayaraq isə əmlak bazarında tələb azalıb. Devalvasiyadan sonra qiymətlər müvəqqəti olaraq manat ifadəsində artıb, dollar ifadəsində isə azalıb. Bir müddət sonra isə qiymətlər hər iki valyutada yenə enməyə başlayıb. Qiymət enməsi müxtəlif seqmentlər üzrə fərqli baş verib". Bu açıqlamanı APA TV-yə müsahibəsində daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev deyib.
"Daşınmaz əmlak bazarında ən çox zərər görən seqment isə bahalı mənzillər seqmentidir. Nisbətən ən az zərbə isə ucuz torpaq sahələri seqmentinə dəyib. Daşınmaz əmlak bazarında böhranın davam etməsinə baxmayaraq, ucuz torpaq sahələri üzrə qiymət enməsi çox az baş verib. Torpaq bazarının özünün də müəyyən seqmentləri var. Bunlar torpaq sahələrinin təyinatından asılıdır. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqlar, investisiya təyinatlı torpaqlar, ucuz sahəsi az olan yaşayış təyinatlı torpaqlar" - deyə o qeyd edib.
Ekspert hesab edir ki, manatın devalvasiyasından sonra qida məhsullarının qiymətində artım müşahidə olunsa da, daşınmaz əmlak, eləcə də avtomobil bazarında bunun tam əksidir. Onun sözlərinə görə, daşınmaz əmlak bazarında iqtisadi şəraitə ən həssas olan investisiya təyinatlı torpaq sahələri olur: "Bu torpaq sahələrinin qiymətinə əhəmiyyətli dərəcəli zərbə dəyib. Bununla yanaşı kənd təsərrüfatı təyinatlı torpaqların qiymət dinamikasında isə qeyri-müəyyənlik var. Sözsüz ki, əgər bazarda enmə varsa, bütün seqmentlər üzrə qiymət enməsi müşahidə ediləcək. Qiymətlərin ucuzlaşması 2014-cü ilin ortalarından başlayıb. Bu müddətdə həyətyanı torpaq sahələrində qiymət enməsi baş verməyib. Halbuki bütün daşınmaz əmlak bazarı üzrə qiymət enməsi davam edirdi. İlkin dövrdə qiymətlərin ucuzlaşmamasının səbəbi torpaq sahələrinə böyük tələbatın olması və şəhərdə böyük söküntü işlərinin aparılması ilə əlaqəli idi. Nəzərə almaq lazımdır ki, torpağın defisit məhsul olması, onu aktiv kimi digər daşınmaz əmlaklardan fərqləndirir. Yəni mənzillərdən fərqli olaraq torpaq istehsal olunmur. Məhz bu səbəbdən digər aktivlərə nisbətən torpaq qiymətdən az düşür".
Mütəxəssis bildirib ki, ev almaq istəyənlər üçün həmin məlumatların praktiki əhəmiyyəti yoxdur və bu məlumatlar bazarda ancaq ab-havanı müəyyən etməyə kömək edir. Əmlak almaq qərarı isə ancaq alıcı tərəfindən aparılan təhlil nəticəsində mümkündür. Təhlil aparmayan alıcı həmişə uduzur.
Rəşad Əliyev obyektlərin icarə haqlarında da əhəmiyyətli ucuzlaşmanın olduğunu deyir. Bunun əsas səbəbi kommersiya obyektlərinə tələbatın azalması və bazara çıxarılan obyektlərin sayının artmasıdır: "Ticarət mərkəzlərində onsuz da boş yerlər çox idi. Digər tərəfdən, şəhərdə yaşanan tıxacla mübarizə tədbirləri nəticəsində bəzi mağazaların da dövriyyəsi aşağı düşmüşdü. Hətta nəticədə bəzi mağazalar bağlanmışdı. Digər tərəfdən isə müxtəlif struktur dəyişiklikləri də baş verib. Məsələn, son 5-6 ildə iri ticarət mərkəzlərinin açılması nəticəsində bəzi obyektlər böyük mərkəzlərin içərisində fəaliyyət göstərməyə başlayıb. 2014-cü ildən bu yana, yəni böhrana qədər də hiss olunurdu ki, tələbat nisbətən azalır”.
Ekspert hesab edir ki, daşınmaz əmlakın bütün seqmentləri üzrə qiymətlərin ucuzlaşması prosesi hələ davam edəcək.