Azərbaycan prezidenti Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanını qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 14-də Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullahı qəbul edib.

 

APA TV-nin xəbərinə görə, Azərbaycanla Pakistan arasında siyasi münasibətlərin yüksək səviyyəsinin məmnunluq doğurduğunu vurğulayan prezident İlham Əliyev ölkələrimizin yaxın tərəfdaş və müttəfiq dövlətlər olduğunu, xalqlarımızın bir-birinə qardaşlıq münasibəti bəslədiyini deyib.

 

Dövlət başçısı Pakistan prezidenti Məmnun Hüseynin Azərbaycana səfərini və səfər zamanı aparılan konstruktiv müzakirələri məmnunluqla xatırlayıb. Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əlaqələrin genişləndirilməsinin önəmini vurğulayan prezident İlham Əliyev bu sahədə əməkdaşlığın ikitərəfli münasibətlərimizin daha da gücləndirilməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

 

Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullah Pakistan prezidenti Məmnun Hüseynin və baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Pakistanla Azərbaycan arasında ikitərəfli əlaqələrin tarixi, dini və mədəni köklərə malik olduğunu xüsusi vurğulayan Muhammad Zakaullah ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv