Çörəyin qiymətini süni şəkildə qaldıran şəxslər tutuldu
Azərbaycanda süni qiymət artımı yaradan şəxslər tutulub.
APA TV-nin məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında həyata keçirilən tədbirlər nəticəsində Bərdə rayonunda yerləşən “Bərdə Çörək” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi - mağaza müdiri İlqar Həsənov və Mingəçevir şəhərində yerləşən “Kür-Çörək” Açıq Səhmdar Cəmiyyətinin sədri Rövşən Hacıyev saxlanılıblar.
Araşdırmalar nəticəsində məlum olub ki, onlar çörəyin qiymətini gizli artırmaq məqsədilə 1-ci və 2-ci növ buğda unundan çörəyin hazırlanması zamanı mövcud standartların tələblərinə əməl edilməyərək çörəyin çəkisinin azaldılmaqla vətəndaşların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurublar. Nəticədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə cinayət işləri başlanıb. Hazırda cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin iclasında respublikada süni qiymət artımı yaradan şəxslərə qarşı qanuni tədbirlərin görülməsi barədə tapşırıq verib.