Bakıda iki piyadanı maşın vurdu: sürücülər hadisə yerindən qaçdı
Ötən gecə Bakıda iki piyadanı maşın vurub. Bu barədə APA TV-yə 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat veriblər.
Hadisələrdən biri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində qeydə alınıb. 1984-cü il təvəllüdlü qəsəbə sakini Elməddin Telman oğlu İmranov yolu keçmək istərkən onu maşın vurub. Yaralı təcili yardım vasitəsilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib və ona dərhal müdaxilə edilib.
Həkim-travmatoloq Mərziyyə Hüseynovanın APA TV-yə verdiyi məlumata görə, hazırda xəstənin vəziyyəti stabildir və həyatı üçün heç bir təhlükə yoxdur: "Müayinə ona zamanı döş qəfəsinin əzilməsi, qarnın küt travması diaqnozu qoyulub. Xəstəyə dərhal müdaxilə edilib. Hazırda vəziyyəti orta-ağır stabildir".
Sabunçu rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Hazırda avtomobilin müəyyən edilməsi istiqamətində iş aparılır.
Digər piyada vurma hadisəsi isə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb. 1960-cı il təvəllüdlü İradə Arif qızı Babazadə yolu keçmək istəyən zaman avtomobil tərəfindən vurulub. O, təcili yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkim-travmatoloq Mərziyyə Hüseynovanın APA TV-yə verdiyi məlumata görə, hazırda xəstənin vəziyyəti stabildir və həyatı üçün heç bir təhlükə yoxdur: "Xəstə kliniki müayinədən keçirildi. Müəyyən olundu ki, onda qapalı kəllə beyin travması, baş beyin sirkələnməsi, döş qəfəsinin və qarnın küt travması, soltərəfli oturaq sümüyün qapalı yerdəyişmə ilə sınığı var. Xəstəyə dərhal müdaxilə olundu və reanimasiya şöbəsinə köçürüldü. Hazırda xəstənin vəziyyəti orta-ağır stabildir".
Məlumat üçün bildirək ki, İradə Babazadəni vuran avtomobil də hələlik müəyyən olunmayıb. Faktı Xəzər rayon Polis İdarəsi araşdırır.