Avropa Parlamentində Urmiya gölü ilə bağlı müzakirələr keçiriləcək
Bu gün Avropa Parlamentində İrandakı son durum, xüsusilə, Güney Azərbaycan məsələsi müzakirə ediləcək. Bu barədə Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin məlumat verib. Onun sözlərinə görə, toplantıda “İranda millətlərin durumu və Urmiya gölünün qurudulması” mövzusunda məruzə olacaq. APA TV-nin məlumatına görə, Avropa Parlamentinin tarixində ilk dəfədir ki, Cənubi Azərbaycan türkləri Güney Azərbaycanla bağlı bu beynəlxalq təşkilatda məruzə ilə çıxış edəcək. Mahmud Bilgin deyib ki, yığıncaqda Avropa Parlamentinin İnsan Haqları Komissiyasının sədri xanım Barbara Loaç Bihler, Avropa Parlamentinin İran üzrə Komissiyasının sədri xanım Taria Kronberg, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eştonun nümayəndəsi, Avropa Parlamentinin xarici siyasət üzrə təmsilçisi, “Amnesty İnternational”ın və UNPO-nun nümayəndələri və avroparlamentarilar iştirak edəcək. Onun sözlərinə görə, toplantıya ərəb, bəluc və kürd təşkilatlarının nümayəndələri də qatılacaqlar. İclasda Güney Azərbaycandan Mahmud Bilgin, AZOH sözçüsü Əmir Mərdani və xanım fəal Ayda Kərimli iştirak edəcək. Toplantı Avropa Parlamentinin veb-səhifəsindən canlı yayımlanacaq.