Gəncənin icra başçısı: "Un 27 manatdan baha satıla bilməz"
Gəncədə süni qiymət artımının qarşısını almaq üçün 15 qrup yaradılıb. APA TV-nın qərb bürosunun xəbərinə görə, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Elmar Vəliyev şəhər sakinləri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, özünün rəhbərliyi ilə yaradılan hər bir qrup 10 nəfərdən ibarətdir. Qrupların rəhbərləri ŞİH başçısının müavinləri, üzvlər isə güc və icra strukturlarının əməkdaşlarıdır. E.Vəliyev bildirib ki, şəhərdə olan ticarət obyektlərində qiymətlər nəzarətdə saxlanılır, heç kəs süni qiymət artımı yarada bilməz: “Gəncədə unun 50 kiloluq kisəsinin qiyməti 27 manatdan yüksək satıla bilməz. Bu şəhərdə böyük un istehsal edən müəssisələr var. Fabriklərdən un 26,60 qəpiyə mağazalara verilir. Ticarət obyektlərində isə 27 manata satılır. Həmçinin ərzaq məhsullarının satış qiymətləri də məlumdur. Sahibkarların maraqları nəzərə alınmaqla qiymətlərə nəzarət olunacaq”.
Qeyd edək ki, ötən gün ŞİH başçısı müxtəlif idarə və müəssisələrin rəhbərlərinin iştirakı ilə vətəndaşları dinləyib, onların problemləri ilə maraqlanıb. Görüşdə 2 min nəfər şəhər sakini iştirak edib. Çətinliklərlə üzləşən vətəndaşlar dinlənilib və onların problemlərinin həlli istiqamətində tapşırıqlar verilib. ŞİH-də bununla bağlı "qaynar xətt" də yaradılıb. Süni qiymət artımı ilə üzləşənlər 022 256 15 04 və ya 022 256 08 54 nömrəli telefonlarla əlaqə saxlaya bilərlər.
Elmar Vəliyev Gəncədə sahibkarlıqla məşğul olmaq istəyənlər üçün hər bir şərait yaradıldığını bildirib. Onun sözlərinə görə, ölkə rəhbərinin tapşırığına əsasən sahibkarlıqla məşğul olanların layihələri qəbul olunacaq və kreditin ayrılması üçün İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət olunacaq.
E.Vəliyev deyib ki, bu il Gəncədə sosial layihələrin həyata keçirilməsi davam edəcək. Bir neçə küçədə asfaltlanma işlərinin aparılacağını deyən icra başçısı 15 yerdə yeni tikintilərin aparılacağın, 6 məktəbdə və 8 uşaq bağçasında təmir işlərinin davam edəcəyini deyib.
Bundan başqa, E.Vəliyev şəhərdə bir neçə zavodun da tikiləcəyini bildirib.