Şəkidə iki nəfər sirkə turşusundan zəhərləndi

Şəkidə bir gündə biri azyaşlı olmaqla iki nəfər sirkə turşusundan zəhərlənib.

 

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA TV-yə verilən məlumata görə, yanvarın 14-də axşam saat 21:50 radələrində Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi, dalan 4, ev 13 ünvanında yaşayan, 1961-ci il təvəllüdlü Ramiz Şahid oğlu Həmzəyev zəhərlənmə əlamətləri ilə ağır vəziyyətdə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 54 yaşlı Ramiz Həmzəyev yaşadığı ünvanda sərxoş vəziyyətdə bilməyərək sirkə turşusu qəbul edib.

 

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Ramiz Həmzəyevin vəziyyəti hazırda ağır qiymətləndirilir.

 

Daha bir zəhərlənmə hadisəsi rayonun Kiş kəndində qeydə alınıb. Evdə nəzarətsiz qalan 2011-ci il təvəllüdlü Uğur Mənsur oğlu Şirinov soyuducudan sirkə turşusu götürərək içib. Azyaşlı valideynləri tərəfindən dərhal Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov