Astarada dağ yolu sürüşdü
Astara rayonunun ucqar dağ kəndlərinə gedən yollarda torpaq sürüşməsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, sürüşmə əsasən rayonun Deqədi-Pəlikəş avtomobil yolunun 11-12-ci kilometrliklərində qeydə alınıb.
Yerli sakinlərin sözlərinə görə, ötən il bölgəyə düşən intensiv yağıntılardan sonra başlayan sürüşmə qismən dayansa da, son günlər yenidən aktivləşib. Bu isə daha çox yoldan istifadə edən sürücülərin narahatlığına səbəb olub.
21 kilometrlik yolun sürüşməsi təhlükəli vəziyyətin yaranmasına səbəb olub. Hətta yolun kənarlarında quraşdırılmış qoruyucu zolaqlar da sürüşərək yararsız vəziyyətə düşüb. Asfalt yolun ortasında isə dərin çatlar əmələ gəlib.
Astara Rayon İcra Hakimiyyətində dağ yolunda çökmələrin baş verməsini ərazinin aktiv sürüşmə zonasında yerləşməsi ilə əlaqələndiriblər. Məlumata görə, nəqliyyat vasitələrinin rahatlığını təmin etmək məqsədilə yolda mütəmadi olaraq ağır texnikalar işləyir, sürüşmə baş verən ərazilər lil-torpaq çöküntülərindən təmizlənir və vəziyyət daim nəzarətdə saxlanılır. Yolda müvafiq təmir-bərpa işlərinin görülməsi isə yaz aylarında nəzərdə tutulub.
Qeyd edək ki, Deqədi-Pəlikəş yolundan Astaranın 21 yaşayış məntəqəsinin 12 min əhalisi istifadə edir.