Səhiyyə Nazirliyindən "donuz qripi" xəbərdarlığı
Səhiyyə Nazirliyi vətəndaşlara epidemioloji vəziyyəti gərgin olan ölkələrə səfər etməmək, əhalinin kütləvi toplaşdığı - mədəni və digər tədbirlərdə iştirak etməməyi tövsiyə edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, son dövrlər dünya əhalisini təşvişə salan "donuz qripi"nə (H1N1) yoluxma halları Azərbaycanda qeydə olunmayıb. Ölkəmizdə mövsümi qripin və digər kəskin respirator infeksiyaların səviyyəsi isə son illərin orta göstəricisini aşmayıb.
Lakin bütün sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi ölkəmiz üçün real təhlükə kəsb etdiyindən, qarşımızda potensial təhlükə yaratmaqla profilaktik, müalicəvi və əks epidemioloji tədbirlərin həyata keçirilməsi üçün imkanların və resursların mobilləşdirilməsini tələb edir.
Səhiyyə Nazirliyi bildirir ki, qriplə mübarizə məsələlərində əhalinin maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, "donuz qripi" mövsümi qripdən daha ağır cərəyan edir. Hava-damcı yolu ilə yoluxan xəstəliyin intoksikasiya simptomları - qusma, ishal, güclü baş ağrısı ilə başlayır, yüksək hərarət, tənəffüsün çətinləşməsi, təngnəfəsliklə müşahidə olunur.
Mövsümi qripdə ağırlaşma 10-15 gün keçdikdən sonra baş verdiyi halda, bu virusda xəstəliyin 2-3-cü günlərində ağırlaşmalar müşahidə olunur. Həmçinin daxili orqanlar, xüsusən ağ ciyərlər zədələnir.
Nazirlik əhalidən xəstəliyin əlamətləri özünü büruzə verdiyi andan səhiyyə müəssisəsinə müraciət etmək, xüsusi qoruyucu maskalardan istifadə etmək, şəxsi gigiyenaya riayət etməsini xahiş edir.