MOK-da 20 Yanvar hadisələri ilə bağlı tədbir keçirildi

Milli Olimpiya Komitəsində 20 Yanvar hadisələrinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda toplantı keçirilib.

 

APA TV-nin məlumatına görə, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə nazir Azad Rəhimov, millət vəkilləri, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Gənclər və idman naziri Azad Rəhimov çıxışında bildirib ki, Azərbaycan xalqı 20 Yanvar hadisələrini hər il kədər hissi ilə xatırlayır: “Hər il 20 Yanvar şəhidləri böyük ehtiramla yad edilir. 1990-cı il yanvarın 20-də sovet qoşunları tərəfindən Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədilib. Həmin gün qəhrəman vətən övladları şəhidlik zirvəsinə ucaldılar. Biz bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla azərbaycançılıq ideyasına sadiq olduğumuzu göstəririk”.

 

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, 20 Yanvar Azərbaycan milli məfkurəsinin inkişaf yoludur. O qeyd edib ki, hər il 20 Yanvar hadisələrinin ildönümü ölkə daxilində anım tədbirləri keçirilir. Administrasiya rəsmisi gənclərin 1990-cı ilin 20 Yanvarında baş vermiş hadisələrə hüquqi qiymət verilməsi istiqamətindəki səyləri daha da artırmasının vacibliyindən danışıb.

 

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qeyd edib ki, 20 Yanvar hadisələri vətənpərvərliyin ən böyük təcəssümüdür.

 

Digər natiqlər də öz çıxışlarında bu qanlı hadisə ilə bağlı fikirlərini bölüşüblər.

 

 

Müəllif | Apa.Tv
Apa.tv