Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi illik hesabatını açıqladı
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən ilin yekunlarına dair hesabatını açıqlayıb.
APA TV-nin məlumatına görə, baş prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, 2015-ci il ərzində Baş İdarə tərəfindən 460 cinayət işinin ibtidai istintaqı aparılıb. Bunlardan 145 cinayət işi Baş İdarə rəisi tərəfindən başlanıb, 90 cinayət işi digər işlərdən ayrılıb, 62 cinayət işinin icraatı təzələnib, 47 cinayət işi Baş Prokurorluq vasitəsilə aidiyyəti orqanlardan daxil olmaqla icraata qəbul edilib.
Hesabat dövründə 301 şəxs barəsində 207 cinayət işinin istintaqı tamamlanıb, onlardan 295 şəxs barəsində 200 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Onlardan 165 iş maddi ziyanla bağlı olub. Həmin işlər üzrə vurulmuş 143 milyon 883 min manat ziyandan istintaq zamanı 36 milyon 101 min manat və ya 25,1% ödənilib: “Belə ki, dövlət mülkiyyətinə vurulmuş 27 milyon 561 min manat ziyandan ibtidai araşdırma mərhələsində 4 milyon 805 min manat və ya 17,5%, xüsusi mülkiyyətə vurulmuş 116 milyon 313 min manat ziyandan ibtidai araşdırma mərhələsində 31 milyon 296 min manat və ya 27,0%, bələdiyyə mülkiyyətinə dəymiş 9 min 811 manat ziyandan ibtidai araşdırma mərhələsində 900 manat və ya 9,2%-in ödənilməsi təmin edilib”.
Hesabatda Azərbaycanda süni qiymət artımı yaradan şəxslərə qarşı sərt tədbirlər həyata keçirildiyi də vurğulanıb. Qeyd edilib ki, istehlak bazarında baş verə biləcək süni qiymət artımı, inhisarçılıq və sui-istifadə hallarına qarşı 29 dekabr 2015-ci il tarixdə İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və Dövlət Xidməti ilə birgə təsdiq edilmiş tədbirlər planının icrası ilə əlaqədar Baş İdarə tərəfindən zəruri qabaqlayıcı və inzibati, o cümlədən cinayət təqibi tədbirləri ardıcıl olaraq davam etdirilir.
2015-ci ildə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müraciətlərə baxılması nəticəsində 169 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib. Kamran Əliyevin sözlərinə görə, intizam məsuliyyətinə cəlb edilmiş 169 vəzifəli şəxsdən Səhiyyə Nazirliyi üzrə 42, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi üzrə 28, Təhsil Nazirliyi üzrə 13, Daxili İşlər Nazirliyi üzrə 48, Müdafiə Nazirliyi üzrə 1, Fövqəladə Hallar Nazirliyi üzrə 1, Gömrük Komitəsi üzrə 1 və digər dövlət qurumları üzrə 35 olub.
Baş İdarənin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 7266 müraciət daxil olub, 30 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Baş İdarədə il ərzində 2614 vətəndaşın qəbul edilməsi təmin edilib.