Lənkəranın icra başçısı Liman şəhərinin sakinləri ilə görüşdü
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov rayonun Liman şəhərinin sakinləri ilə görüşüb.
APA TV-nin cənub bürosunun məlumatına görə, görüşdə rayonun icra strukturlarının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri, Liman şəhərinin ağsaqqalları, ziyalıları, ictimaiyyət nümayəndələri, ümumilikdə 500 nəfər iştirak edib.
Lənkəran ŞİH başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bəxtiyar Səfərov görüşü açaraq son illərdə aparılan genişmiqyaslı quruculuq-abadlıq işlərinin şəhər sakinləri tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılandığını bildirib.
Çıxış edənlər bir qrup şəxs tərəfindən ölkənin bəzi yerlərində, o cümlədən Liman şəhərində ictimai asayişin pozulmasına göstərilmiş cəhdi yolverilməz səhv hərəkət kimi qətiyyətlə pisləyərək, belə halların bir daha təkrarlanmaması üçün bütün ictimaiyyəti ayıq-sayıq olmağa, heç bir düşmən təxribatına uymamağa çağırıblar.
Görüşdə sakinlər Liman xəstəxanası və şəhər 2 saylı məktəb üçün yeni binaların tikintisi, xəstəxanaya təcili tibbi yardım maşınının ayrılması, uşaq bağçalarının əsaslı təmiri, şəhər stadionu üçün yerin müəyyən edilməsi, avtobus dayanacaqlarının qoyulması, bazarın və avtovağzalın tikilməsi, içməli su xəttinin çəkilməsi, məhəllə yollarının təmiri, əhalinin məşğulluğu və sair məsələlərlə bağlı təkliflərini irəli sürüblər.
Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlarını verən icra başçısı Taleh Qaraşov Liman şəhərinin sosial-iqtisadi inkişafı sahəsində görülən işləri Azərbaycan prezidentinin regionların inkişafına göstərdiyi davamlı diqqətinin parlaq nümunəsi kimi dəyərləndirib.