Gələn il Azərbaycan büdcəsində neftin qiyməti 100 dollardan hesablanacaq
Dövlət Neft Fondu 2014-cü il üçün öz büdcəsinin proqnozlaşdırılması zamanı neftin qiymətini bir barelə görə 100 dollar məbləğində götürəcək. APA TV-nin xəbərinə görə, Fondun prezidenti Şahmar Mövsümov deyir ki, neftin qiymətinin proqnozlarına yenidən baxılıb.
Bir neçə həftə əvvəl isə fond büdcəni neftin bir barelinin qiymətini 90 dollardan formalaşdırmağa hazırlaşırdı.
Şahmar Mövsümov Mədən Sənayesinin Şəffaflığı Təşəbbüsünün tətbiqi çərçivəsində 2013-cü ilin yekunları üzrə hesabatın yeni standartlara uyğun şəkildə hazırlanacağını da bildirdi.
Mədən Hesabatı üzrə Şəffaflığı Təşəbbüsünün Beynəlxalq katibliyinin rəhbəri Yonas Moberq isə deyir ki, Təşəbbüs çərçivəsində hesabatın yeni detallı və ətraflı forması xüsusilə neft-qaz sektoru daxil olmaqla hasilat layihələri çərçivəsində əldə olunan gəlirlər barədə məlumatı daha əlçatan edəcək.
Qeyd edək ki, Bakıda Dövlət Neft Fondunun təşəbbüsü ilə Azərbaycanın Mineral Ehtiyatların Hasilatı ilə Məşğul Olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə qoşulmasının 10 illiyi münasibətilə “Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşkilatı daxilində 10 il. Tarixdən yeni pilləyə” adlı beynəlxalq konfrans başlayıb.