Azərbaycanlı ABŞ-da yüksək vəzifəyə seçildi - İLK DƏFƏ

ABŞ-da yaşayan Qarabağ Fondunun təsisçisi Adil Bağırov Ohayo ştatının Deyton şəhər Təhsil Şurasının rəhbəri seçilib.

 

APA TV-nin xəbərinə görə, Türkiyənin "Hürriyyət" qəzeti bunu ABŞ-da millət vəkilliyinə gedən addım kimi qiymətləndirib.

 

Adil Bağırov hələ 2013-cü ildə Amerikanın ən önəmli dövlət vəzifələrindən hesab edilən Təhsil Şurasının yeddi üzvündən biri və Texnologiya komitəsinin rəhbəri seçilib. Bununla da o, Birləşmiş Ştatlarda rəsmi vəzifəyə seçilən ilk Amerika azərbaycanlısı adını alıb.

 

Deyton Təhsil Şurasının 500 milyon dollarlıq illik büdcənin istifadə edilməsi və 14 min şagirdin oxuduğu dövlət məktəblərinə nəzarət etmək kimi səlahiyyəti var. Adil Bağırov Deyton Təhsil Şurasının üzvü kimi dövlət məktəblərinə ayrılan vəsaitin şəffaf olmasına dair təşəbbüs irəli sürməklə məşhurlaşıb.

 

Qeyd edək ki, Adil Bağırovun atası Toğrul Bağırov Moskva Beynəlxalq Neft-Qaz Klubunun icraçı vitse-prezidenti, Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji problemləri üzrə baş ekspertidir. Güclü əlaqələrə və siyasi təsir imkanlarına malik Bağırov hələ 1994-cü ildə Rusiyanın yanacaq və energetika nazirinin xüsusi müşaviri, "Qazprom”, "LUKoil”, "Transneft”, "Tatneft”in və digər enerji şirkətlərinin məsləhətçisi işləyib. O, 90-cı illərin ortalarında "Əsrin müqaviləsi” ilə bağlı danışıqlarda Rusiyanın enerji maraqlarının təminatı üçün vasitəçilik edən əsas fiqurlardan biri olub.

 

Fransa prezidenti Fransua Ollandın Moskvaya rəsmi səfəri çərçivəsində Fransa səfirinin iqamətgahında olan Toğrul Bağırovu "Fəxri legion" ordeni ilə təltif edib.

 

1978-ci il təvəllüdlü Adil Bağırov 2013-cü ilin aprel ayında Amerika Türk Şurasının keçmiş rəhbəri Sevin Elekdağ ilə ailə qurub. Cütlüyün bu nikahdan iki övladı var.

Müəllif | Apa.Tv
Apa.tv