Bazara daha 300 milyon dollar buraxıldı, valyuta ajiotajı aradan qalxıb

Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.

 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İctimaiyyətlə əlaqələr şöbəsindən  "APA-Economics"ə verilən məlumata görə, fond tərəfindən 200 milyon ABŞ dolları, Mərkəzi Bank tərəfindən isə 100 milyon dollar, ümumilikdə 300 milyon dollar məbləğində vəsait hərraca çıxarılmış və 35 banka satılıb.

 

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

 

Qeyd edək ki, ötən gündən Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq bankların baş ofisində, filial və şöbələrində o cümlədən mübadilə şöbələrində, eləcə də ödəniş terminallarında həyata keçirilir.

 

Artıq müəyyən mexanizmlərin işə salınması bazarda valyuta ajiotajını aradan qaldırmaq üzrədir. Şəhərdə apardığımız müşahidələr dünən bankların qarşısında yaranan növbələrin artıq olmadığını göstərir.

 

"AzərTürkBank"ın əməkdaşı Ləman Süleymanlı bildirib ki, qərardan sonra onlar da gücləndirilmiş iş rejimində çalışır.

 

"Heç bir ajiotaj yoxdur. Filiallarımızda dolların alqı-satqısı normal şəkildə davam etdirilir. Əhali yaxınlaşıb dolların həm alışını, həm də satışını normal şəkildə həyata keçirə bilər. Heç bir sıxlıq yoxdur. Növbə ilə yaxınlaşıb pasportlarını təqdim edib alqı-satqı əməliyyatını reallaşdıra bilərlər. İş günümüz səhər saat 9.00-17.00-dək davam edir. Amma əhali arasında sıxlıq yaşanmaması üçün qrafik uzadıla bilər".

 

Fürsətdən istifadə edib müştərilərin də fikrini öyrəndik.

 

"9.00-dan bankdayam. Növbəyə durdum. Sıxlıq yaşamadan dollar aldım. Yəni problemsiz dəyişdim"

 

"Banka dollar və avro almaq üçün müraciət etmişəm. Dünən də müraciət etmişdim, amma az aldım. Övladlarım xaricdə təhsil alır, onlara göndərməliyəm”.

 

Qeyd edək ki, Mərkəzi Bank bu gün dolların kursunu dəyişməyib. Rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 1.5706 manatdır. 

Müəllif | Apa.Tv
Apa.tv