Dövlət xidmətlərinin Elektron Reyestr portalı təqdim olundu

Bu gün Dövlət xidmətlərinin Elektron Reyestr portalı - www.dxr.az-ın təqdimat mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov bildirib ki, portalın yaradılmasında əsas məqsəd şəffaflığın təmin edilməsidir.

 

Onun sözlərinə görə, 116 dövlət orqanı Elektron Reyestr portalında qeydiyyatdan keçib və hazırda  676 xidmət təsdiqlənib: "Dövlət xidmətlərinin elektron reyestr portalı dövlət xidmətlərinin göstərilməsi istiqamətlərində onların hüquqi əsaslarını, onlar haqqında məlumatları geniş təfsilatlı şəkildə portalda əks etdirir. İstifadəçilər bu portala daxil olmaqla dövlət orqanları tərəfindən göstərilən xidmətlər haqqında geniş məlumat əldə edə bilərlər. Bura həmin xidmətlərin  göstərilmə yeri, forması, onun haqqında tələb olunan sənədlər, yekun təqdim olunacaq sənədlər, ödənişli olub-olmaması, elektron formada təşkil olunub-olunmaması və s. kimi müxtəlif məlumatlar əldə edə biləcəklər".

 

Fariz Cəfərov bildirib ki, bu portal vətəndaşlara məlumat vermək xarakteri daşıyır. Heç bir elektron imzaya ehtiyac yoxdur: "Telefon, planşet, kompüter vasitəsilə daxil olmaqla dövlət xidmətləri haqqında istənilən yerdən məlumat ala bilərsiniz. Burada əgər xidmət elektron formada göstərilirsə, xidmətin "Elektron internet səhifəsini göstər" hissəsinə daxil olmaqla həmin xidməti elektron formada ala bilirsiniz . Amma ən əsas odur ki, vətəndaşlar müxtəlif dövlət orqanlarının internet səhifəsinə girmirlər, fərqli normativ hüquqi aktlara baxmırlar. Hər biri eyni yerdədir".

 

Qeyd edək ki, dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestri Azərbaycan prezidentinin 11 sentyabr 2014-cü il tarixli 262 nömrəli Fərmanı ilə yaradılıb.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova