Bakıdakı Heydər məscidində Cümə namazı qılındı
Bu gün Bakıda Heydər məscidində Cümə namazı qılınıb. APA TV-nin AzTV-yə istinadən xəbərinə görə, min ildən artıqdır ki, İslam dünyasının iki böyük - şiə və sünni məzhəblərinin nümayəndələri ibadətlərini fərqli şəkildə və fərqli məkanda edirlər. Tarixdə bir neçə dəfə onların vəhdətinə, birliyinə təşəbbüslər göstərilib, lakin indiyədək bu təşəbbüslər davamlı hal almayıb.
Müsəlmanların müqəddəs kitabı - Qurani-Kərimdə Allah-təala bütün müsəlmanları sülhə, birliyə və vəhdətə çağırır. Bu isə indiki dünyada heç vaxt lazım olmadığı aktualdır. Belə bir dönəmdə Azərbaycan bütün dünyaya nümunə ola biləcək növbəti addım atdı.
Dünyada sünni-şiə məsələsinin qabardığı, daha doğrusu, süni şəkildə qabardıldığı bir zamanda Heydər məscidində şiələrlə sünnilər, hər gün olduğu kimi müqəddəs günlərdən olan bu Cümə günündə də növbəti dəfə vəhdət namazı qılmaq üçün bir araya gəldilər. Bu təşəbbüs Ulu Öndərin vəfatının ildönümündən başlayıb və artıq bir neçə həftədir ki, böyük dəstək qazanaraq davamlı icra edilir: həm şiə, həm də sünni məzhəbinin nümayəndələrinin vahid məkanda, bir sırada duraraq ibadət etməsi ölkəmizdə dövlət tərəfindən həyata keçirilən tolerantlıq və multikulturalizm siyasətinin nəticəsidir.
Minarədən müsəlmanlara canlı səslənən, onları ibadətə və eyni zamanda vəhdətə çağıran Azan bir həftə şiə, digər həftə isə sünni məzhəbinə məxsus azançı tərəfindən icra olunur.
Şiələrlə sünnilər qardaş kimi bir yerdə, yan-yana namaz qılırlar. Bu görüntülər əslində sadə görünə bilər, amma mahiyyətinə vardıqda, çox əhəmiyyətli və tarixi bir səhnəni ortaya qoyur. Bu məsciddə hər gün olduğu kimi, Cümə namazları növbəli şəkildə - bir həftə əhli-sünnənin İmamı, növbəti həftə isə əhli-şiənin imamının rəhbərliyi ilə keçirilir. Əminliklə demək olar ki, Heydər məscidindəki bu təcrübə nəinki Azərbaycan, eləcə də bütün dünya üçün olduqca gözəl ənənənin əsasını qoyub.
Heydər məscidinin dini rəhbəri Hacı Sabir: "Ən fərəhli hal odur ki, Azərbaycan təcrübəsində və ümumiyyətlə, dünya təcrübəsində biz nümayiş etdirdik ki, vəhdət namazı ən sevimli namazdır, Allah-təala qarşısında ən qəbula yetən namazlardan biridir. Çünki Allah-təala Qurani-Kərimdə bizi bir olmağa, Allahın qüdrət ipindən yapışmağa və təfriqəyə yol verməməyə çağırır. O nöqteyi-nəzərdən islamın içərisində müxtəlif məzhəblərində olmasına baxmayaraq, insanlarımızın eyni məsciddə namaz qılması, əlbəttə ki, bu, çox fərəhli bir haldır. Lakin bir məsciddə, bir sırada, yəni bir səfdə dayanaraq namaz qılmaq hər iki məzhəbdən - bu, çox böyük göstəricidir".
Dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və İslamofobiyanın bütün dünyada geniş yayıldığı bir dövrdə Heydər məscidində vəhdət namazının qılınması dünyaya bir sülh mesajıdır. Bu mesaj tolerantlıq və multikulturalizm mərkəzi olan Azərbaycandan verildi: məğzi isə odur ki, məzhəbindən asılı olmayaraq, müsəlmanlar qardaş-bacı kimi bir yerdə, bir məkanda, bir məsciddə namaz qılırlar. Axı məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlar üçün bir Allah, bir Quran və bir Peyğəmbər var.
Heydər məscidində şəhidlərimizin ruhuna da dualar oxundu, israf və qənaət haqqında xütbə deyildi. Bu vəhdət namazı ölkəmizdə İslam dininə olan sevgi və hörmətin təkcə sözdə deyil, həm də əməldə təsdiqidir. Azərbaycanın irəli sürdüyü bu təşəbbüsün bütün İslam aləmində böyük rəğbətlə qarşılanacağı isə heç bir şübhə doğurmur. Axı, Qurani-Kərimdə də deyildiyi kimi, “həqiqətən, bütün müsəlmanlar bir-birinə qardaşdırlar”...