Göyçayda toqquşan maşınlardan biri hasara çırpıldı: 3 yaralı

Göyçay rayonunda 3 nəfərin ağır xəsarət alması nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 215-ci kilometrliyində, Göyçay şəhərində qeyd alınıb.

 

“Hyundai SantaFe” markalı avtomobil qarşı tərəfdən gələn “Mercedes” markalı minik maşını ilə toqquşub. Zərbənin təsiri nəticəsində “Mercedes” yoldan çıxaraq hasara çırpılıb. Hadisə zamanı Göyçay rayon sakinləri - 35 yaşlı Abbasov Vüsal Rasim oğlu, 35 yaşlı Dəmirov Nurlan Hacıbaba oğlu, 40 yaşlı Vəliyev Qəhrəman Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə və travmatologiya şöbələrinə yerləşdiriliblər. Yaralılara tibbi yardım göstərilib. Hazırda onların vəziyyəti orta-ağır olaraq qalır.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov