Bakıda iki maşın toqquşdu: 4 yaralı
Ötən gecə Bakıda ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Hadisə Sabunçu rayonu ərazisində, Kürdəxanı qəsəbəsindən keçən yolda baş verib. Kürdəxanı qəsəbəsindən şəhər istiqamətində hərəkətdə olan BMW markalı avtomobillə Kürdəxanı istiqamətində hərəkət edən “QAZ-3110” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində BMW-də üç, “QAZ-3110”da isə 1 nəfər olmaqla, ümumilikdə 4 nəfər xəsarət alıb. Yaralılar - 32 yaşlı Eşqin Mirzəyev, 22 yaşlı Hacıqulu Quliyev, 44 yaşlı Rafiq Ağarzayev və Tural Hüseynov təcili tibbi yardım avtomobilləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. İlkin müayinə zamanı onların hamısında qapalı kəllə-beyin travması müəyyən edilib. Yaralıların vəziyyəti ağırdır.
Qəza baş verdikdən sonra hadisə yerinə polis əməkdaşları da gəlib. İlkin ehtimala görə, hadisəyə yolun işıqsız olması və yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır.