Eldar Sabiroğlunun oğlu həbs edildi

Bir müddət əvvəl prokurorluq orqanlarından xaric edilən Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov ötən axşam məhkəmə qarşısına çıxarılıb.

 

APA TV-nin məlumatına görə, məhkəmədə hakim Abbas Rzayevin sədrliyi ilə onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluğun verdiyi təqdimata baxılıb.

 

Məhkəmənin qərarına əsasən R.Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay 26 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, R.Səfərov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. O, bir müddət əvvəl “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.

 

Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

Müəllif | Apa.Tv
Apa.tv