Seçkilərə hazırlıq işləri yekunlaşır

Sabunçu rayon 26 saylı Dairə Seçki Komissiyasının məntəqələri 9 oktyabr prezident seçkilərinə hazır vəziyyətə gətirilib. DSK-nın sədri Hacı Əliyev deyir ki, Məntəqələr MSK tərəfindən təqdim olunan lazimi maddi texniki baza ilə təmin edilib. APA TV xəbər verir ki, dairə üzrə 34 seçki məntəqəsi, 47 min 924 seçici və 183 müşahidəçi qeydə alınıb. Dairənin 24 saylı seçki məntəqəsinin yerləşdiyi binada fiziki imkanları məhdud vətəndaşların seçki məntəqələrinə rahat gəlməsi üçün panduslarla təmin olunub. Prosesdə şəffaflığın təmin edilməsindən ötrü 10 məntəqədə veb-kamera quraşdırılıb və seçici siyahıları tam dəqiqləşdirilib. Eyni zamanda məntəqə texniki avadanlıq, dəftərxana ləvazimatları, müşahidəçilər üçün yaddaş kitabçası və təbliğat-təşviqat materialları ilə təmin olunub. 17-18 saylı seçki məntəqəsində seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün məntəqələrdə hər cür şərait yaradılıb. Xidməti otaqlar təmir edilib, seçki məntəqəsi zəruri texniki avadanlıqla təchiz olunub. 8 saylı Binəqədi I seçki dairəsi üzrə isə hazırda 38 seçki məntəqəsi fəaliyyət göstərir. Seçki dairəsi üzrə seçicilərin sayı 45 623 nəfərdir. Bütün seçki məntəqələri təmir olunub. Əlil arabasında hərəkət edən seçicilərin rahat səsverməsi üçün 8 seçki məntəqəsində panduslar quraşdırılıb. Dairə ərazisində namizədlərin təbliğat və təşviqatı üçün seçki məntəqələrinə yaxın ərazilərdə təşviqat lövhələri və 10 seçki məntəqəsində web - kameralar quraşdırılıb. Vətəndaşların seçkilərdə iştiraka dəvət vasitəsi olan bildirişlər artıq MSK-dan təhvil alınaraq məntəqə seçki komissiyalarına təqdim edilib və qanunvericilikdə nəzərdə tutulan müddət ərzində seçicilərə çatdırılacaq. Seçki qanunvericiliyinə əsasən səsvermə gününə azı 5 gün qalmış bir seçki məntəqəsinin də yaradılması da nəzərdə tutulur. Artıq bir çox seçki məntəqələrində vətəndaşların rahat səsverməsi üçün hər cür şərait yaradılıb, məntəqə seçki komissiya üzvlərinin fəaliyyəti təmin olunub. Dairə və məntəqə seçki komissiya üzvləri üçün treninqlərin keçirilməsi, dairə və məntəqələrin lazımi texniki avadanlıq, eləcə də seçki materialları ilə təmin olunması işləri tam başa çatdırılıb.

 

Müəllif | Apa.Tv