Azərbaycanda əmək pensiyalarının baza hissəsi artırıldı

Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının baza hissəsinin artırılması haqqında sərəncam imzalayıb.

 

APA TV-nin xəbərinə görə, sərəncamla əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib.

 

Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin.

 

Bundan əlavə, prezident İlham Əliyev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.

 

Sərəncama əsasən, “Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” prezidentin 2013-cü il 22 avqust tarixli 3079 nömrəli sərəncamının 1-ci hissəsi ilə müəyyən edilmiş aylıq müavinətin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılacaq.

 

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Müəllif | Apa.Tv
Apa.tv