Balakəndə həkimin evini qarət edənlər həbs edildi
Balakən rayonunda həkimin evinə soyğunçuluq məqsədi ilə girmiş Bakı şəhər sakinləri həbs edilib.
Balakən Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, ötən il noyabrın 19-da rayonun Talalar kənd sakini Xəlifə İsgəndər oğlu Yolçiyev polis şöbəsinə yazılı müraciət edərək bildirib ki, noyabrın 18-də axşam saat 23:30 radələrində yaşadığı evin açıq qalmış qapısından 4 nəfər maskalanmış naməlum şəxs evə girərək, onu və ailə üzvlərini bıçaqla hədələyib və pul vermələrini tələb edib. Daha sonra maskalanmış naməlum şəxslər pul olmadığını bildikdən sonra evdən iki ədəd müxtəlif markalı mobil telefon və Xəlifə Yolçiyevə məxsus “Nissan” markalı minik avtomobilinin açarlarını götürərək hadisə yerini tərk ediblər.
Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş rayonun Qullar kənd sakini, 1991-ci il təvəllüdlü Mübariz Aydın oğlu Yetimov və qəsdən adam öldürməyə görə 12 il məhkumluq həyatı yaşamış Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Güləli Əzizağa oğlu Abdullayev, yanvarın 16-da cinayətin digər iştirakçıları, Bakı şəhər sakinləri - 1992-ci il təvəllüdlü Zahid Xudaverdi oğlu Məmmədov və 1992-ci il təvəllüdlü Fərid Fikrət oğlu Məmmədov tutularaq istintaqa təhvil ediliblər. Aparılmış ilkin istintaq zamanı həbs edilən şəxslər törətdikləri cinayət hadisəsini etiraf ediblər.
Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb. Cinayəti törədən şəxslərin soyğunçuluq məqsədilə qarət etmək istədikləri Xəlifə Yolçiyev həkimdir və Balakən rayonu ərazisində özəl tibb kabineti var.