20 Yanvar faciəsinin ildönümü: Şəhidlər Xiyabanında hazırlıqlar yekunlaşdı
20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında aparılan hazırlıq işləri yekunlaşıb.
APA TV-nin məlumatına görə, ötən illərlə müqayisədə bu il yaradılan kompozisiya bir qədər fərqlidir.
Belə ki, xiyaban boyu divarlara qara və qırmızı lentlərdən hazırlanmış səkkiz guşəli ulduzlar vurulub. Əraziyə güllərdən xalça döşənilib. Xiyabanın girişində ağ və qırmızı qərənfillərdən ibarət məşəl kompozisiyası hazırlanıb. Giriş hissədəki "Şəhidlər Xiyabanı" yazılmış lövhənin, eləcə də pilləkənlərin üstü ağ və qırmızı güllərlə bəzədilib. Şəhidlərin məzarları istiqamətində uzanan gül xalçaların hazırlanması prosesi də artıq yekunlaşıb.
“Əbədi Məşəl” abidəsinin yaxınlığındakı pilləkənlərdə tək qərənfil kompozisiyası qurulub. Digər bir pilləkəndə isə "20 Yanvar" sözü ağ və qırmızı güllərlə yazılıb. Bütün kompozisiyaların yaradılmasında minlərlə qərənfil istifadə olunub.
Qeyd edək ki, hər il milli matəm günü ilə əlaqədar insanlar xiyabana gəlir, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən oğul və qızlarımızın məzarlarını ziyarət edirlər.