ABŞ və İran casusluqda suçlanan məhbusları azadlığa buraxdı

ABŞ və İran arasında məhbus mübadiləsinə dair əldə olunan razılığa əsasən, Evin həbsxanasında saxlanılan və ikili vətəndaşlığı olan 4 nəfər məhbusların mübadiləsi çərçivəsində azadlığa buraxılıb.

 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Tehran şəhər prokuroru Abbas Cəfəri Dövlətabadi deyib.

 

Onun sözlərinə görə, İran Milli Təhlükəsizlik Şurasının qərarına əsasən azadlığa buraxılan şəxslər ABŞ-a casusluqda ittiham olunan Əmir Hikməti, “Washington Post” qəzetinin Tehrandakı müxbiri Jason Rezaian,  Nüsrətullah Xosrəvi Rudsəri və iranlı keşiş Səid Abididir.

 

İranın azad etdiyi məhbusları aparan təyyarə ABŞ-ın Almaniyadakı Ramştayn hərbi bazasında eniş edib.

 

Məlumata görə, Amerikada həbsdə olan 7 İran vətəndaşı da azadlığa buraxılıb. Bundan başqa, ABŞ İnterpoldan 14 iranlının axtarışı ilə bağlı sorğusunu geri çəkib və İranın iki bankına qarşı sanksiyanı ləğv edib.

Müəllif | Apa.Tv
Apa.tv