“Brent” markalı neftin qiyməti 27,72 dollara enib, bazarda ciddi ajiotaj var

Dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir. APA TV-nin məlumatına görə, həftəyə enişlə başlayan neftin ucuzlaşmasına əsasən siyasi faktorlar təsir göstərib. İrana qarşı sanksiyaların ləğvi bazar iştirakçıları tərəfindən təklifin artacağı kimi dəyərləndirilib və bu psixoloji məqam neftin qiymətlərinə neqativ təsir göstərib. Tehranın sanksiyaların ləğvindən sonra gündəlik hasilatı ilkin mərhələdə 100 min barelədək artıracağı bəyanatı bazardakı şok effektini daha da gücləndirib. Analitiklər və treyderlər İranın bəyanatlara rəğmən hasilatı artırmaqda çətinlik çəkəcəyini düşünür, bununla belə İran faktorunun neft bazarında psixoloji təsirinin hələ bir müddət qalacağı şübhəsizdir. Birjalar açıldıqdan sonra neftin qiyməti bu psixoloji təsirin altında müvəqqəti olaraq 27.72 dollar həddinədək enib, lakin sonradan yüksələrək əvvəlki mövqeləri qismən bərpa etməyə müvəffəq olub. Hazırda martın ikinci yarısı üçün bağlanan fyüçerslərdə neftin qiyməti 28,19 dollardan (saat 11.00) götürülür. Gün ərzində qiymətlərin təxminən 27.72-28.72 diapazonunda dəyişəcəyi proqnozlaşdırılır. Bu gün ABŞ-da qeyri-iş gününün olması, dünyanın əsas neft idxalçıları olan ölkələrin iqtisadi göstəricilərinə dair hesabatların sabahdan etibarən açıqlanması neftin qiymətinin müvəqqəti olaraq qeyd olunan diapazonda sabitləşəcəyini söyləməyə əsas verir. Səhər seanslarında WTI markalı neftin qiymətinin Brent markalı nefti üstələməsi günün əsas sensasiyası sayıla bilər. Hər zaman Brent neftinin arxasınca sürünən WTI neftinin bir bareli bu gün rəqibindən 1,65 dollar baha satılıb. Hazırda WTI neftinin satışına dair fyüçerslər 29,86 dollardan bağlanır. İki aparıcı marka arasında bu cür kəskin fərqin yaranması ərəb ölkələrinin iqtisadi indekslərinin sürətlə enməsi ilə izah olunur. 

Müəllif | Apa.Tv
Apa.tv