Tovuzda iki qəza: sürücülər hadisə yerindən qaçdı
Tovuzda iki yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisələrdən biri rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Küçə ilə hərəkətdə olan "Changan" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ticarət obyektinə çırpılıb. Avtomobil yararsız hala düşsə də, qəza zamanı xəsarət alan olmayıb. Şahidlər bildirib ki, qəzaya səbəb maşının qarşısına qəfildən itin çıxması olub. Sürücü hadisə yerindən uzaqlaşıb.
Tovuz Rayon Polis Şöbəsindən bildirilib ki, qəzaya düşən maşın lizinq yolu ilə satılıb. Hazırda sürücünün şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Başqa bir hadisə isə Tovuz rayonunun İbrahimhacılı kəndində qeydə alınıb. Kənd sakini, 1939-cu il təvəllüdlü İsfəndiyar Abbasov çörək almaq üçün yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Qəzanı törədən sürücü avtomobili ilə hadisə yerindən qaçıb. Yaralı dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hər iki fakt üzrə Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.