İdris İsayev: “1 milyon 850 mindən artıq şəxsin sosial ödənişləri artırılacaq”

Prezident İlham Əliyevin imzaladığı fərman əsasında Azərbaycanda yaşa görə əmək pensiyasının baza hissəsi 2016-cı ilin fevral ayının 1-dən 10 faiz artırılaraq 110 manata çatdırılıb. Bu artım təxminən 1 milyon 271 min əmək pensiyaçısını əhatə edəcək. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin sözlərinə görə, bu şəxslərin həm pensiyalarının baza hissəsi, həm də pensiyalarının baza hissələrinə əlavələr müvafiq qaydada artırılacaq.

 

“Bəzi kateqoriya pensiyaçılarımız olacaqdır ki, onların pensiyaları digərlərinə nisbətən əhəmiyyətli dərəcədə artacaq. Bu, birinci qrup gözdən əlillərdir. Çünki onlar pensiyanı yaşa görə pensiyanın baza hissəsini 200 faizi məbləğində alırlar. Birinci qrup əlillər isə pensiyanı baza hissəsinin 120 faizi məbləğində pensiya alırlar. Bütövlükdə bu tədbirin maliyyələşdirilməsinə ilin sonunadək 141 milyon manat vəsait sərf olunacaq”.

 

Nazir müavini şəhid ailəsi üçün müəyyənləşdirilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü məbləğinin 10% artırılaraq 220 manata çatdırıldığını bildirib.

 

“Bu artım təxminən  13500 şəhid ailəsinə şamil ediləcək. Artımın maliyyələşdirilməsinə ilin sonunadək 3 mln. manata yaxın əlavə büdcə vəsaiti yönəldiləcək. Digər mühüm sənəd  “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə  verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması ilə bağlıdır. Bu hadisələr zamanı əlil olmuş şəxslərin  Azərbaycan Respublikası Prezidentinin təqaüdləri  10 faiz məbləğində artırılır. Bu əlillik qrupundan asılı olaraq fərqlidir. I qrup əlillər üçün prezident təqaüdünün məbləği 150 manatdan 165 manata, II qrup əlillər üçün 130 manatdan 143 manata, III qrup əlillər üçün isə 100 manatdan 110 manata qaldırılıb. Bu artımlar 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş 317 nəfər şəxsə şamil olunacaq. Onlardan 18 nəfəri I qrup, 190 nəfəri II qrup, 109 nəfəri isə III qrup əlildir”.

 

İdris İsayev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin də 10% artırıldığını deyib. Bu artım  566 min nəfər məcburi köçkünə şamil olunacaq və onlara yemək xərci üçün verilən aylıq müavinətin məbləğinin artırılmasının  maliyyələşdirilməsinə ilin sonunadək 11,3 mln. manata yaxın əlavə büdcə vəsait sərf olunacaq. Nazir müavini prezidentin imzaladığı fərman və sərəncamlarla 1 milyon 850 mindən artıq şəxsin sosial ödənişlərinin artırıldığını da vurğulayıb.  

 

Müəllif | Apa.Tv
Almaz Qasımova