Fəttah Heydərov: "Dünyanı bürüyən çaxnaşmalar fonunda Azərbaycan 2015-ci ili uğurla başa vurdu"

Azərbaycan Ağsaqqallar Şurasının 2015-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbiri giriş sözü ilə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili  Fəttah  Heydərov   açıb.

 

O bildirib ki, 2015-ci il Azərbaycan xalqının həyatında əlamətdar bir il olub: “Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan çox böyük uğurlar əldə edib. Hörmətli prezidentimiz Nazirlər Kabinetinin son iclasındakı çıxışında qeyd etdi ki, 2015-ci il ölkəmizin həyatında əlamətdar il olub. Dünyanı bürüyən çaxnaşmalar fonunda Azərbaycan 2015-ci ili uğurla başa vurdu. Düşünürəm ki, iqtisadi böhran Azərbaycana ciddi təsir göstərməyəcək. Bu gün ölkəmizdə böyük quruculuq işləri aparılır. Bakı dünyanın ən böyük tədbirlərindən birinə - I Avropa Oyunlarına ev sahibliyi edib. Eyni zamanda Rusiya kimi böyük dövlətdən sonra medal sayına görə Azərbaycan 2-ci yeri tutub”.

 

Daha sonra Azərbaycan Ağsaqqallar Şurasının 2015-ci ilin yekunlarına həsr olunmuş hesabatı dinlənilib.

 

Müzakirələrdə çıxış edən millət vəkili Əhliman Əmiraslanov qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurasının 2015-ci ilin yekunlarına həsr olunmuş hesabatı olduqca səmərəlidir: “Bu işlərin görülməsində Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun səmərəli fəaliyyətini də qeyd etməliyik”.

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə bildirib ki, “Multikulturalizm ili” çərçivəsində Azərbaycan alimləri tərəfindən mühüm işlərin həyata keçirilməsi nəzərdə tutulub.

 

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurası 2015-ci ildə qarşıya qoyulan vəzifələrə çatıb: “Mən Azərbaycan Ağsaqqallar Şurasının ötən ildəki fəaliyyətini çox yüksək qiymətləndirirəm. “Ağsaqqal” sözü tarixən Azərbaycanda dərin məna kəsb edib. Ağsaqqal özünün səriştəsi ilə başqalarından seçilib. Ağsaqqal lazımi anlarda düzgün yol göstərməsi ilə xalqın işinə kömək edib, böyük nüfuz sahibi olub. Bu gün Azərbaycan ağsaqqallarına diqqət böyükdür. Ağsaqqallar ölkənin həyatında baş verən proseslərdə fəal iştirak edirlər. Heç təsadüfi deyil ki, ölkəmiz ardıcıl inkişaf yoluna qədəm qoyanda da ağsaqqallar bu işə öz töhfəsini verib”.

 

Daha sonra akademik Teymur Bünyadov, Əjdər Ağayev və başqaları 2015-ci ildə Azərbaycan ağsaqqallarının respublikanın ictimai-siyasi həyatındakı rolu barədə çıxış ediblər.

 

Müəllif | Apa.Tv