Lənkəranda qızıl oğruları tutuldu
Lənkəranda baş verən oğurluq hadisəsinin üstü isti izlərlə açılıb.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) baş müstəntiqi Toğrul Hüseynovun APA TV-nin cənub bürosuna verdiyi məlumata görə, naməlum şəxs və ya şəxslər tərəfindən rayonun Daşdalığjar kənd sakini Südabə Qənbərovanın evindən ev sahibinə məxsus 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Hadisə barədə polis şöbəsinə məlumat daxil olan kimi dərhal hadisə yerinə baxış keçirilib, istintaq hərəkətləri üçün vacib olan izlər və əşyalar götürülüb.
Oğurluq faktını törətmiş şəxslərin yaxalanması istiqamətində polisin həyata keçirdiyi zəruri əməliyyat-axtarış tədbirləri qısa müddətdə öz bəhrəsini verib. Belə ki, Südabə Qənbərovanın qonşuluğunda yaşayan Nuriyyə Nağıyeva şübhəli şəxs qismində saxlanıldıqdan dərhal sonra hadisənin digər iştirakçısı olan Astara rayonunun Kələdəhnə kənd sakini Mütəllim Əhədzadə də yaxalanıb.
Baş müstəntiq Toğrul Hüseynovun sözlərinə görə, ilkin araşdırmalarla müəyyənləşdirilib ki, saxlanılan şəxslər maskalı halda evə pəncərədən qanunsuz daxil olub ev sahibinin ağzını bağlayıblar. Daha sonra bıçağı onun boğazına dirəyərək onları öldürməklə hədələyiblər. Ana və qızı həyatları üçün qorxu hissi keçirdiklərindən, 20 min manat dəyərində qızıl-zinət əşyalarını və pulu onlara veriblər.
Qəniməti əldə etdikdən sonra Nuriyyə Nağıyeva və Mütəllim Əhədzadə ana ilə qızının əl-qolunu bağlayaraq evdən gediblər.
Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.