Prezident İlham Əliyev Sloveniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 18-də Sloveniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İqor Yukiçin etimadnaməsini qəbul edib.

 

APA TV-nin xəbərinə görə, səfir İqor Yukiç fəxri qarovul dəstəsinin qarşısından keçib və etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

 

Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

 

Azərbaycanla Sloveniyanın müxtəlif sahələrdə yaxşı əməkdaşlıq təcrübəsinin olduğunu vurğulayan dövlət başçısı ölkələrimiz arasında qarşılıqlı siyasi əlaqələrin uğurla inkişaf etdiyini deyib. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Səfir İqor Yukiçin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirən prezident İlham Əliyev ona işində müvəffəqiyyətlər arzulayıb.

 

Ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Sloveniyanın Azərbaycanda yeni təyin olunmuş səfiri İqor Yukiç əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Diplomat hər iki ölkənin biznes nümayəndələrinin gələcəkdə də əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını deyib. Sloveniyalı səfir ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

 

Görüşdə ölkələrimiz arasına ikitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafındakı rolu xüsusi vurğulanıb.

Müəllif | Apa.Tv
Apa.tv